Peşəkar Bankir Mərkəzi Banka sədr gətirildi - Taleh Kazımovun bioqrafiyası

16:18 - 13.04.2022


13 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Taleh Kazımov Prezident İlham Əliyevin Sərəncamı ilə  Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.

ABC.AZ xəbər verir ki, Taleh Kazımov 1983-cü il sentyabrın 11-də Bakıda anadan olub. Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb. 2004–2006-cı illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın "Georgia State University" universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.

Bundan başqa, T.Kazımov 2012-ci ildə "London Biznes Məktəbi"nin (Böyük Britaniya) və 2014-cü ildə "Harvard Biznes Məktəbi"nin (ABŞ) yüksək ixtisas proqramlarını ("Senior Executive Programme") müvəffəqiyyətlə bitirib.

O, "ATTAS PR", "European Tobacco" şirkətlərində ofis köməkçisi və İnformasiya texnologiyaları üzrə operator kimi işləyib. 2004-cü il fevral ayından 2006-cı ilin sentyabradək davam edən dövrdə Taleh Kazımov "Bank Standard" QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Maliyyə və mühasibat uçotu idarəsinin Xəzinədarlıq və fondlar şöbəsində mütəxəssis vəzifəsində işləyib. 2006-cı il sentyabr ayından 2007-ci ilin yanvarınadək T. Kazımov "Ernst & Young" şirkətində auditor vəzifəsini tutub.

Sonra isə 2007-ci ilin iyul ayınadək "Fineko Analitika və İnformasiya Agentliyi" ASC-nin Baş direktoru vəzifəsində çalışıb.

Taleh Kazımovun "PAŞA Bank"da fəaliyyəti 2007-ci ilin iyul ayından başlayıb. Həmin dövrdə o, Risklərin idarəedilməsi departamentinin meneceri vəzifəsində işləyib, 2009-cu ilin avqust ayından isə Bankın Xəzinədarlıq və pul bazarı departamentinin direktoru vəzifəsini tutub.

07.12.2011-ci ildən Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin üzvü seçilib.

1 iyul 2015-ci il tarixində Taleh Kazımov "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub. Taleh Kazımov 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə Şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.

Eyni zamanda 2015–2019-cu illərdə o, "PAŞA Yatırım Bankası" A.Ş.-də Direktorlar Şurasının üzvü olub. 2019-cu ildən etibarən ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) Direktorlar Şurasının üzvüdür.

Onu da qeyd edək ki, T. Kazımov "PAŞA Bank"da işlədiyi dönəmdə Azərbaycanın bank sistemi üçün bir neçə yenilik tətbiq edib, bir sıra uğurlu layihələri başa vurub, peşəkar Bankir və innovasiyalara üstünlük verən kadrdır.

 

Bütün xəbərlər