Sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik - Prezident

16:56 - 19.04.2022


19 aprel, Fineko/abc.az. “Şadam ki, Brüsseldəki görüşümüzdən sonra bizi ziyarət edirsiniz. Çox konstruktiv, yaxşı nəticələri və nailiyyətləri olan üçtərəfli görüşdən sonra artıq iki həftə keçib. Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Prezident Şarl Mişelə minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik”.

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyiniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Bütün xəbərlər