AZAL-ın daha bir maxinasiyası - Detallar

10:11 - 15.09.2022


15 sentyabr, Fineko/abc.az. Azərbaycan Hava Yolları (AZAL) Sentyabrın 1-dən Bakı-İstanbul və İstanbul-Bakı marşrutu üzrə onlayn aviabilet bron edərkən “Economy Lite” tarifini təqdim edib.

ABC.AZ-ın məlumatına görə, əvvəlcə qeyd edilmişdi ki, bu tarifə yalnız əl yükü (çəkisi 10 kq və ölçüləri 55x40x23 sm qədər) daxildir, tarif qısamüddətli işgüzar səfərə yollananlar üçün mükəmməldir.

Bu tarifi təqdim etməklə AZAL-ın qiymət artırdığı müşahidə edilir.

Əgər 2022-ci ilin iyul ayında ən aşağı qiymət olan “Economy Classic” tarifi ilə gediş-dönüş biletini 743 manata almaq mümkün idisə (şənbə günü 08:50-də uçuş, bazar ertəsi 23:25-də qayıdış ), bu gün eyni tarif üzrə gediş-dönüş biletini 776 manata almaq olur. Qısası, qiymət 33 manat artırılıb.

Bu artımı ört-basdır etmək üçün yeni minimal tarif olan “Economy Lite” kəşf edilib. Bu gün “Economy Lite” tarifi üzrə gediş-dönüş biletini 725 manata almaq olar.

Düzdür, bu minimal bilet qiyməti əvvəlki minimal bilet qiymətindən 18 manat aşağı olsa da, sərnişin 23 kq pulsuz əl yükü, aviabiletin qaytarılması və uçuş tarixinin dəyişdirilməsi imkanlarını itirib. Keçmiş minimal tarif olan “Economy Classic”ə 23 kq pulsuz əl yükü daxil idi, aviabiletin qaytarılmasına, uçuş tarixinin dəyişdirilməsinə cərimə ilə də olsa icazə verilirdi.

Qeyd edək ki, bilet qiymətləri öncədən alma müddətindən, uçuş gününüdən və saatından asılı olaraq fərqli ola bilər. Buna baxmayaraq, əksər variantlarda qiymətlərin artdığı müşahidə edilir.

Other news