Azərbaycanda pambıqçıların gəlirləri 12 milyon manat artacaq

11:27 - 1.10.2018


1 oktyabr, Fineko/abc.az.  Azərbaycanın 22 rayonunda  pambıq əkini aparılıb.

Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, əkin 132,581 hektar sahədə həyata keçirilib.

“Ən çox pambıq Saatlı rayonunda əkilib (15,815 ha). Ölkə üzrə 9 min hektardan çox pambıq əkilmiş rayonların sayı 7-dir. Saatlı rayonu ilə yanaşı İmişli (13,645 ha), Sabirabad (13,055 ha), Biləsuvar (12,022 ha), Ağcabədi (9,946 ha), Bərdə (9,630 ha) və Beyləqanda (9,560 ha) 9 min hektardan artıq sahədə pambıq əkini aparılıb. Ölkə üzrə pambıq əkinlərinin 2/3 hissəsi bu rayonların payına düşür”, - deyə məlumatda bildirilir.

Məlumatda qeyd edilir ki, ən az əkin Cəlilabad (507 ha) və Samux (400 ha) rayonlarında aparılıb.

“Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlərin əlavə olaraq 12 milyon manatdan çox qazanc əldə etməsi gözlənilir”, - məlumatda belə deyilir.

 

Вся лента