Azərbaycan ABB-nin xarici borclarının diversifikasiyası üzrə məsləhətçi ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır

16:19 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda “Lazard Freres” şirkətinin baş icraçı direktoru Metyu Piqas ilə görüşüb.

Görüş zamanı Metyu Piqas bildirib ki, şirkət 2000-ci ildən Azərbaycanda müxtəlif layihələrin maliyyələşməsi və investisiya məsələlərinin həlli üzrə konsaltinq xidmətləri göstərir.

“2017-ci ildə şirkət Azərbaycan Beynəlxalq Bankının borclarının şaxələndirilməsində iştirak etmiş və bankın maliyyə məsləhətçisidir. ABB-nin restrukturizasiyası uğurla başa çatmış və bu, beynəlxalq təşkilatlar tərəfindən də qəbul olunmuşdur”, - Metyu Piqas bunu deyib.

Onun sözlərinə görə, Azərbaycanda yaradılan biznes mühitinin, sahibkarlara göstərilən dəstək və ölkəmizin iqtisadi uğurlarının “Doing Business 2019” hesabatında əks olunması Azərbaycanda investisiya məsələlərinə dair konfransların və digər tədbirlərin keçirilməsi üçün əlverişli şərait yaratmışdır.

“Qlobal şirkətlər və investorlar Azərbaycanda belə böyük tədbirlərin keçirilməsində çox maraqlıdır. Bu, həm də Azərbaycan Prezidenti tərəfindən xarici investorlara göstərilən dəstəyin, sərmayələrin cəlb olunması, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətlərində qəbul edilən qərarların və görülən tədbirlərin dəstəklənməsi baxımından çox əhəmiyyətlidir”, - deyə Metyu Piqas bildirib.

“Lazard Freres” şirkətinin direktoru Metyu Piqas maliyyə məsləhətçisi kimi öz xidmətlərini təklif edərək, qeyd etdi ki, Azərbaycanda bu sahədə fəal əməkdaşlıq üçün böyük potensial vardır.

Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin fəaliyyətindən razılığını bildirdi. O, vurğuladı ki, şirkət ilə əməkdaşlıq bundan sonra da davam etdiriləcək.

 

 

Вся лента