Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilmişdir

15:45 - 10.10.2018


10 oktyabr, Fineko/abc.az. Azərbaycanın paytaxtı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi etmişdir.

Müşavirədə 15 ölkədən 90 iştirakçı, o cümlədən MDB ölkələri -  Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistanın milli aeronaviqasiya xidməti provayderlərinin baş direktorları, həmçinin İCAO, Dövlətlərarası Aviasiya Komitəsi, İATA və digər beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri iştirak etmişdirlər.

Oktyabrın 10-da AZAL prezidenti Cahangir Əsgərov müşavirəni giriş sözü ilə açmışdır. Daha sonra müşavirə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev və “Avrasiya” Koordinasiya Şurasının Sədri – “Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası” FUDM-nin baş direktoru İqor Moiseenkonun çıxışları ilə davam etmişdir.

Hava daşınmalarına artan tələbatı və Avrasiya ölkələrinin strateji geosiyasi mövqeyini nəzərə alaraq, aeronaviqasiya təminatının harmonizasiyası və bu ölkələr arasında hava məkanının təşkilinin uzunmüddətli birgə planlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Müşavirə zamanı “Avrasiya” üzv dövlətlərinin milli aeronaviqasiya xidməti provayderlərinin nümayəndələrinin MDB dövlətlərinin aeronaviqasiya sistemlərinin vəziyyəti və inkişaf planları barədə məruzələri dinlənilmişdir.

Əsas diqqət aşağıdakı məsələlərə yönəldilmişdir:

- pilotsuz uçuş aparatlarının uçuşları və onların uçuş təhlükəsizliyinə təsiri;

- azad marşrutların hava məkanı və “Avrasiya” regionunda tətbiqi perspektivləri;

- Avropa hava məkanının müasirləşdirilməsi və hava məkanı sahəsində milli strategiyalar;

- mülki aviasiyaya dair sazişin iştirakçısı olan dövlətlərin mülki aviasiya sahəsində uçuşlarının təhlükəsizlik vəziyyəti;

- “Avrasiya” şurasının üzv dövlətlərinin milli hava hərəkətinin təşkili sistemlərinin harmonizasiyası.

İclasda eyni zamanda İCAO, İATA və Dövlətlərarası Aviasiya Komitəsi kimi beynəlxalq təşkilatların nümayəndələri də məruzələrlə çıxış etmişdirlər.

Qeyd edək ki, “Avrasiya” Koordinasiya Şurası 1999-ci ildə yaradılmışdır. Onun təsisçiləri “Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası” FUDM (Rusiya), "Kazaeronaviqasiya" RDM (Qazaxıstan), “Azəraeronaviqasiya“ (Azərbaycan), "Belaeronaviqasiya" DM (Belarus), "Kırqızaeronaviasiya" DM (Qırğızıstan), “Tadjikaeronaviasiya” DUM (Tacikistan)  və “Uzaeronaviqasiya” Mərkəzidir (Özbəkistan) .

 

Bütün xəbərlər