330x110
 

Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq – İlham Əliyev

04.02.2020,14:20


4 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev işçilərə müraciət edərək onları əmək müqaviləsi tələb etməyə çağırıb.

ABC.AZ xəbər verir ki, fevralın 3-də keçirilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident işçilərə müraciət edərək qeyd edib ki, əmək müqaviləsi olmadan işləməyin. “Mən bilirəm ki, bəzi hallarda sizi məcbur edirlər. Amma bilin ki, əgər əmək müqaviləsi olmasa, sabah pensiya, tibbi sığorta ala bilməyəcəksiniz” deyə İlham Əliyev bildirib.

Prezident daha sonra çıxışna belə davam edib: “İmkanlı sahibkarlar, əlbəttə ki, öz sosial məsuliyyətini də dərk etməlidirlər. Eyni zamanda, əsassız olaraq işçiləri ixtisar etməməlidirlər. Çünki ixtisar edilən hər bir iş yeri bir ailəni çörəksiz qoyur. Buna getmək olmaz. Baxın, dövlət ünvanlı sosial yardım alanların sayını artırır. Baxmayaraq ki, yoxsulluq 4,8 faizdir və bəzi şəhərlərdə olduğu kimi, Azərbaycanda küçələrdə yoxsullar dolaşmır. İndi inkişaf etmiş ölkələrin şəhərlərinə baxın, ən böyük ölkələrin paytaxtlarında minlərlə evsiz-eşiksiz adam var. Onlar ya qutuda, ya skamyalarda, ya da ki, özləri üçün balaca çadır qurub yatırlar. Bunu biz televizordan görürük. Bizdə belə şey varmı? Yoxdur! Nəyə görə? Ona görə ki, vətəndaşlara qayğını dövlət öz üzərinə götürübdür. Baxmayaraq ki, işsizlərin, yoxsulların sayı azalır, mən göstəriş vermişəm, ünvanlı sosial yardımı alanların sayı artırılsın. Bunu etmək üçün yeni meyarlar tətbiq olunmalıdır, ona görə ki, ölkəmizdə kasıb adam olmasın.  Əgər bir sahibkar 5 manat çox qazanmaq istəyirsə, adamı işdən çıxarır. Bu, dözülməzdir. Faktlar varsa, mənə deyin, biz o sahibkarlarla lazımi qaydada danışacağıq”.

Müəllif: Elmir Murad