ƏDV-ni geri almaq üçün bu qədər şəxs qeydiyyatdan keçib

11:59 - 21.07.2020


21 iyul, Fineko/abc.az. İndiyədək alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması üçün istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portalda (www.edvgerial.az) 10 iyul 2020-ci il tarixədək təqribən 364 min nəfər qeydiyyatdan keçib.

Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, qeydiyyata alınmış istifadəçilərdən 80%-i (təqribən 290 min nəfəri) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib.

Bu müddətə qədər vətəndaşlar tərəfindən 10,3 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği təqribən 5 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 2,7 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib, qalan ƏDV məbləği isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Qeyd edək ki, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir.

 

Bütün xəbərlər