Kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq - İlham Əliyev

10:28 - 15.03.2021


15 mart, Fineko/abc.az. Biz artıq Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması ilə bağlı danışıqlar prosesinə başlamışıq.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün İsveçin xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Ann Lindenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bu, noyabrın 10-da imzalanmış bəyanatın bir hissəsidir.

"Danışıqların müxtəlif səviyyələrdə artıq bir neçə mərhələsi olub. Düşünürəm ki, məhz bu məsələ müharibə səhifəsini tamamilə bağlamaq və onu tarixdə qoymaq üçün başlanğıc nöqtəsi ola bilər. Çünki kommunikasiyaların açılması bütün region ölkələrinin xeyrinə olacaq, regional əməkdaşlığa yeni dinamika gətirməklə yeni imkanlar yaradacaq. Bu, bir çox başqa sahələrdə potensial əməkdaşlığa gətirib çıxara bilər. Mən artıq açıq şəkildə demişəm ki, Azərbaycan buna hazırdır. Biz öz vəzifəmizi tamamlamışıq. Əraziləri azad etmişik, BMT Təhlükəsizlik Şurasının qətnamələrini və ATƏT-in qərarlarını icra etmişik. Beləliklə, indi biz diqqəti gələcəyə cəmləşdirməliyik" deyə Prezident vurğulayıb.

 

Bütün xəbərlər