330x110
 

Zəngəzur dəhlizi açıldıqdan sonra region ölkələrinə yeni imkanlar yaranacaq – Prezident

21.05.2021,10:51


21 may, Fineko/abc.az. Biz indi gələcəyə baxmalıyıq. Otuz illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq:

"Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik. Yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.