Qəbələdə lavanda balı istehsal olunacaq

17:18 - 9.06.2021


9 iyun, Fineko/abc.az. Qəbələ rayonunun Çuxur Qəbələ kəndinin ərazisində yerləşən lavanda təsərrüfatında yaxın günlərdə məhsul biçininə başlanılacaq.

ABC.AZ-ın məlumatına görə, KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisindən bildirilib ki, son vaxtlar lavanda plantasiyalarının sahəsi genişləndirilərək 26 hektara çatdırılıb, ərazidə yeni melisa təsərrüfatı yaradılıb.

Tezliklə təsərrüfat tərəfindən orqanik lavanda balının istehsalına da başlanılacaq.

KOBİA tərəfindən ötən müddətdə lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstək mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.

Agentlik, həmçinin Qəbələnin lavanda təsərrüfatı ilə Lənkəranın “Yaşıl çay” fermer təsərrüfatı arasında əlaqələrin yaranmasına da dəstək olub. Nəticədə, birgə əməkdaşlıq çərçivəsində sahibkarlar tərəfindən lavanda tərkibli yaşıl çay istehsalına başlanılıb. Eyni zamanda, bu əməkdaşlıq çərçivəsində “Yaşıl çay” fermer təsərrüfatının ərazisində yarım hektar sahədə lavandanın sınaq əkini də həyata keçirilib.

 


Bütün xəbərlər