Prezident və xanımı doğum evinin açılışına qatılıb

29.07.2022,14:57


29 iyul, Fineko/abc.az. Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində aparılmış əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.

ABC.AZ xəbər verir ki, dövlət başçısına və birinci xanıma doğum evində yaradılan şərait barədə məlumat verildi.

Qeyd edək ki, 2 nömrəli doğum evi 1987-ci ildə istifadəyə verilib. Uzunmüddətli istismar nəticəsində bu tibb müəssisəsində əsaslı təmirə ehtiyac yarandığından dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb.

Məlumat verildi ki, əsaslı şəkildə təmir edilən 120 çarpayılıq bu səhiyyə müəssisəsində ən müasir tələblərə uyğun tibbi avadanlıqlar quraşdırılıb. Üçmərtəbəli binada ümumilikdə 51 palata var.