Azərbaycanda bu ətin qiyməti ucuzlaşdı

16:02 - 5.12.2022


5 dekabr, Fineko/abc.az. Cari ilin ortalarından başlayaraq quşçuluq sahəsində istifadə olunan  yem və yem əlavələrinin idxalına tətbiq olunan vergi-rüsum azadolmaları həm quş əti, həm də yumurta istehsalında maya dəyərinin sabitləşməsinə və aşağı düşməsinə gətirib çıxarıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından bildirilib ki, yumurta istehsalında maya dəyərinin sabitləşməsi nəticəsində iki aya yaxındır topdansatış qiymətləri dəyişməz olaraq qalır: “Ötən il bu vaxt yumurtanın topdansatış qiyməti 19 qəpik idi. Bu il isə 15 qəpikdir. Bu il qış fəslinin başlanması ilə bağlı olan ənənəvi bahalaşma da olmadı. Gözləntilərimiz hazırkı qiymətlərin yaxınmüddətli dövrdə dəyişməyəcəyi istiqamətindədir. Artıq bir neçə gündür soyudulmuş toyuq ətinin 1 kiloqramı 4,7-5 manatdan 4,2-4 manata endirilib. Müvafiq endirim ayrı-ayrı hissələrə(qanad, bud, bud dibi, file və sair) də aiddir. İstehsalçı müəssisələrin nümayəndələri ilə apardığımız müzakirələrdən belə aydın olur ki, endirimli qiymətlər xalqımızın mühüm bayramı olan Dünya Azərbaycalılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində də qüvvədə olacaq. Qlobal bazardakı mövcud konyuktur, həmçinin dövlətimizin yem və yem qatqılarına münasibətdə tətbiq etdiyi azadolmalar davam etdiyi müddətdə qiymətlərin bahalaşmasını real hesab etmirik”.

Bütün xəbərlər