Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlamışdır

13:15 - 6.09.2018


6 sentyabr, Fineko/abc.az. 5 sentyabr 2018-ci il tarixində Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlamışdır. Xəbər verdiyimiz kimi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin iştirakı ilə ölkəmiz sərgidə təmsil olunur.

Rusiya Federasiyasından 300-dən çox və 30-dan çox ölkədən 150-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak etdiyi sərgidə ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulunun təqdim edildiyi Azərbaycan stendi ilk gündən ziyarətçilərin diqqətini cəlb etmişdir. Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunur.

2019-cu ildə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkili nəzərdə tutulan Avrasiya Ədəbiyyat Festivalı ilə bağlı danışıqların aparılması məqsədilə festivalın təşkilatçısı Avrasiya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının sədri Marqarita Viktorovna Almuxametova ilə görüş keçirilmişdir. Görüşdə festivalın təşkili imkanları, tərəflərin üstünə düşən vəzifələrin dəqiqləşdirilməsi və digər təşkilati məsələlərin müzakirəsi aparılmışdır. Məsələ ilə bağlı daha bir görüşün 8 sentyabr tarixində Assambleyanın Baş Katibliyinin sədr müavini - Layihələr Departamentinin rəhbəri Tatyana Fyodorova ilə keçirilməsi nəzərdə tutulmuşdur.
Sərgi sentyabrın 9-na kimi davam edəcəkdir.

Bütün xəbərlər