Dünyaya “İran-Azərbaycan” iqtisadi markası təqdim olunacaq

15.03.2019,12:17


15 mart, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar əməkdaşlıq üzrə dövlət komissiyasının 13-cü iclası keçirilir.

Görüşdə İranın İqtisadiyyat İşləri və Maliyyə Naziri Fərhad Dejpasand bildirib ki, Azərbaycanla İran arasında əlaqələr dərin tarixi köklərə malikdir.

“İndi yalnız infrastruktur layihələrinin tikintisində deyil, ticarət, maliyyə, bankçılıq, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə iqtisadi əlaqələrin inkişafı üçün böyük potensial var. Həm də qarşılıqlı sərmayələrin inkişafı vacibdir, İran tərəfinin investisiyalar və iqtisadi əlaqələrin inkişafı məsələsində məhdudiyyət yoxdur”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Azərbaycanla İran arasında münasibətlər yalnız iki ölkə üçün deyil, həm də bütün region üçün əhəmiyyətlidir.

“Biz, müxtəlif iqtisadi sahələrdə iqtisadi əməkdaşlığın inkişafını davam etdirməli və yeni, “İran-Azərbaycan” markasını dünyaya təqdim etməliyik”, - nazir belə deyib.

İqtisadiyyat naziri Şahin Mustafayev iqtisadi əlaqələrin inkişafı üçün yüksək potensialın olduğunu qeyd edərək, bu əməkdaşlığın genişləndirilməsi planlarının vacibliyini nəzərə alaraq, komissiyanın illik iclaslarının müntəzəm olaraq keçirilməsi barədə qərar qəbul etdiyini bildirib.