Mikayıl Cabbarov: “Vergi Məcəlləsindəki dəyişikliklər biznes və iş adamları tərəfindən müsbət qarşılanıb”

16:23 - 20.05.2019


20 may, Fineko/abc.az. Vergi Məcəlləsində 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş bir sıra dəyişikliklər nəticəsində vergiödəyiciləri üçün demək olar ki, yeni hüquqi bir çərçivə yaradılıb.

Bu barədə vergilər naziri Mikayıl Cabbarov deyib.

“Məlumatların emalı, informasiya texnologiyalarının tətbiqi istiqamətində səylərin artırılması və paralel olaraq vergiödəyicisi ilə birbaşa ünsiyyətin, yəni səyyar vergi yoxlaması və digər vergi nəzarəti tədbirlərinin azaldılması istiqamətində işlər apardıq”, - deyə nazir qeyd edib.

Vergi sistemində dəyişikliklərin zəruriliyini vurğulayan M.Cabbarov həmin dəyişikliklərin biznes və iş adamları tərəfindən də müsbət qarşılandığını söyləyib: “Bunun nəticəsində könüllü vergi ödəmələrinin həcmi artır. Göstəricilər müsbətdir. Əgər birinci rübün sonuna vergi daxilolmalarının həcmi proqnozdan 150 milyon manat çox idisə, ilk 4 ayın nəticəsində bu göstərici 200 milyon manatı keçib. Bütün bunların əsas səbəbi vergi qanunvericiliyinin çərçivəsinin dəyişməsidir”.

 

Bütün xəbərlər