Azərbaycanda vergi yükü optimallaşdırılır? - NAZİRLİKDƏN CAVAB

14:56 - 10.10.2019


10 oktyabr, Fineko/abc.az. Azərbaycan vergi yükünün yüksək olmadığı ölkələr sırasına daxil olub.

Bunu ABC.AZ-a Vergilər Nazirliyindən bildiriblər.

Nazirlikdən bunun "Doing Business 2019" hesabatında da qeyd olunduğu bildirilir. Belə ki, söügedən beynəlxalq təşkilatın hesabatında Azərbaycanın "biznesə başlama" meyarı üzrə dünyada 9-cu, "vergilərin ödənişi" meyarı üzrə isə 28-ci yerdə qərarlaşdığı, ümumi vergi dərəcəsinin 40,8 faiz təşkil etdiyi bildirilir. Nazirlikdən verilən açıqlamaya görə, buna baxmayaraq, ölkədə yenə də vergi yükünün optimallaşdırılması sahəsində islahatlar aparılır: "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"na əsasən, ƏDV dərəcəsinin diferensiallaşdırılması sisteminin tətbiqi üçün Vergilər Nazirliyində işçi qrup yaradılıb. Hazırda ölkədə bu sistemin tətbiqi imkanları barədə təhlillər aparılır. Mütəxəssislərin fikrincə, tibb sahəsində ƏDV-nin daha aşağı dərəcə ilə diferensial tətbiqi bu sahədə dövriyyələrin şəffaf uçotunun bərpa edilməsindən sonra mümkündür. Çünki uçot intizamı bərpa olunmadığı halda, ƏDV-nin diferensial dərəcəsinin tətbiqinin bu sahənin inkişafına və istehlak qiymətlərinin aşağı salınmasına müsbət təsir etməsi mümkün deyil. Şəffaf uçot olmadığı təqdirdə, ƏDV-nin diferensial dərəcəsinin tətbiqi səmərəsiz olur. Bu sahədə səlahiyyətli dövlət orqanları tərəfindən birgə tədbirlərin həyata keçirilməsinə və elektron hesabatlılıq sisteminin qurulmasına ehtiyac var”.

Müəllif: Elmir Murad

 

 

Bütün xəbərlər