330x110
 

Hədəfimiz vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir - “Azərsu” sədri

07.11.2019,17:35


7 noyabr, Fineko/abc.az.  “27 qəsəbədə, 40 ünvanda fasiləsiz su təminatı ilə bağlı layihələr həyata keçirilib”.

ABC.AZ xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov mətbuat konfransı zamanı deyib.

O, qeyd edib ki, bunun üçün 270 kilometr uzunluğunda yeni su xətti çəkilib. “Azərsu” ASC-nin sədri onu da diqqətə çatdırıb ki, son vaxtlar yağıntıların az olmasına görə, xüsusilə yay aylarında bir neçə rayonda su mənbələri ilə bağlı çətinlik olub. “Həmin rayonlarda alternativ su mənbələrinin yaradılmasına başlanılıb. Gədəbəy və Lerikdə artıq bu işlər yekunlaşıb. Şəki, Şamaxı, Tovuz rayonlarında isə işlər gələn il başa çatacaq” deyə Q. Hüseynov vurğulayıb. 

Regionlarda suyun keyfiyyəti məsələsinə toxunan Q. Hüseynov bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq regionlarda su kanal idarələri və regional laboratoriyalar yaradılıb: “İlkin mərhələdə laboratoriyaları avadanlıq, kadr, maşın mexanizmləri ilə təmin etmişik ki, “Azərsu” ASC-nin balansında olan bütün su infrastrukturunun nəzarətdə saxlanması təmin olunsun. Gələcəkdə hədəfimiz bütün bölgələrdə vətəndaşların istifadə etdiyi suların nəzarətə götürülməsidir”.

Müəllif: Elmir Murad