“OPEC plus” Körfəz ölkələri neft hasilatının azaldılması üzrə sazişin müddətini uzatmağa razılıq verib

14:33 - 5.12.2019


5 dekabr, Fineko/abc.az.   “OPEC plus” koalisiyasının Körfəz ölkələri neft istehsalının azaldılması üzrə sazişin müddətinin uzadılmasına razılıq verib.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Omanın Neft naziri Məhəmməd Əl Rumi deyib.

Qeyd edək ki, bu gün Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası, həmçinin OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunacaq. Dekabrın 6-da isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 7-ci görüşü olacaq.

Ötən günlərdə İraqın Neft naziri Tamir Gadban istehsal məhdudiyyətlərinin daha 400 min barrel artırılaraq gündəlik 1,6 milyon barrelə çatdırıla biləcəyini deyib. Lakin o, OPEC səviyyəsində bu məsələyə dair hər hansı danışığın aparılmadığını da bildirib.

OPEC və müttəfiqlərinin istehsalın daha da azaldılıb-azaldılmayacağı barədə qarışıq mesajlar verməsi isə bazarda qeyri-müəyyənliyə səbəb olur.

“Bloomberg”ə görə, Vyanada qapalı keçirilən “OPEC plus” Müştərək Texniki Komissiyasının (JTC) 35-ci iclasında nazirlərin tövsiyələri dinlənilib, lakin hasilatın daha da azaldılması məsələsi gündəmə gəlməyib.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın başda olduğu qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini artıra biləcəyini qeyd edən ekspertlər bu baş verərsə, xam neftin qiymətinin də bahalaşacağını vurğulayıblar.

Digər tərəfdən, ekspertlər OPEC-in hasilat səviyyəsində dəyişiklik etməyəcəyi təqdirdə “qara qızıl”ın qiymətinə aşağı istiqamətli təzyiq ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.

 

© Azertag.az

Bütün xəbərlər