330x110
 

Beynəlxalq Enerji Agentliyi: OPEC-in qərarı bazarda tədarük bolluğunun qarşısını ala bilməyəcək

12.12.2019,17:30


12 dekabr, Fineko/abc.az. OPEC və qeyri-OPEC ölkələri (“OPEC plus”) üzrə neft hasilatının daha da azaldılmasına dair qərar 2020-ci ildə bazarda tədarük bolluğunun qarşısını ala bilməyəcək.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarı üzrə aylıq hesabatında deyilir.

Hesabata görə, qlobal neft bazarı gələn il daha çox təradük bolluğu ilə qarşı-qarşıya qalacaq: “OPEC-in istehsalı azaltmasına baxmayaraq, gələn ilin birinci rübündə qlobal neft ehtiyatları gündəlik 700 min barrel artacaq. Qlobal bazarda tədarük bolluğu ikinci rübdə sutkada 1 milyon barrelə çatacaq. Bu da OPEC ölkələri üçün heç də asan olmayacaq”.

Agentlik qeyri-OPEC ölkələri üzrə neft istehsalının artım proqnozunu gündəlik 200 min barrel azaldıb.

Qeyd edək ki, ötən həftə Vyanada Səudiyyə Ərəbistanı başda olmaqla OPEC-ə üzv 14 ölkə və Rusiyanın rəhbərlik etdiyi 10 qeyri-OPEC neft istehsal edən dövlət gündəlik hasilatın daha 500 min barrel azaldılması barədə qərar qəbul edib. Bu qərar çərçivəsində rəsmi Ər-Riyad neft istehsalını gündəlik 167 min barrel azaltmaqla “OPEC plus” formatında əməkdaşlığa dəstək olacaq. Lakin Səudiyyə Ərəbistanı 2020-ci ildən neft istehsalını könüllü olaraq sutkada daha 400 min barrel azaldacaq. Beləliklə də OPEC və OPEC-ə daxil olmayan ölkələr gələn ilin ilk 3 ayında gündəlik xam neft hasilatını ümumilikdə 2,1 milyon barrel azaldacaq.

© Azertag.az