Uzunluğu 750 metrə çatan estakada tikilir - İyunda işləyəcək

13:04 - 27.12.2019


27 dekabr, Fineko/abc.az. "Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi “Sumqayıt” Elektrik Stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirib".

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, buna səbəb 2004-cü ildə “Sumqayıt” Elektrik Stansiyası layihələndirilərkən dəniz səviyyəsinin düşmə ehtimalının nəzərə alınmaması və nəticədə suyun səviyyəsinin 1 metr 30 santımetr düşməsidir:

"Artıq neçə müddətdir, elektrik stansiyası üçün suyun səviyyəsi kritik həddə çatıb və daha 10 santmetr Xəzərin su səviyyəsi düşsəydi soyutma suyu götürülə bilməyəcəkdi və nəticədə Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti dayanacaqdı. Məhz buna görə də,  “Azərenerji” ASC həmin yaranmış problemi vaxtında aradan qaldırmaq məqsədi ilə ötən ilin payızından başlayaraq xarici və yerli mütəxəssislərin iştirakı ilə müzakirələr aparıb. Yekunda sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurulmasına qərar verilib. Bununla da MDB məkanındai lk dəfə soyutma suyunun kaskad vasitəsi ilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında bir neçə ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək. Qeyd edək ki, ötən ilin payızından başlayaraq bu günə qədər “Sumqayıt” Elektrik Stansiyasında xarici və yerli mütəxəssislərin iştirakı ilə təmir-bərpa işləri aparılıb və stansiyanın etibarlığı artırılıb".

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər