330x110
 

Azərbaycan gündəlik neft istehsalını da azaldacaq - 131 min barrel

10.04.2020,10:52


10 aprel, Fineko/abc.az. 2020-ci ilin iyul-dekabr aylarında “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 18% olmaqla 8 mln. barrel azaldılması razılaşdırılıb.

ABC.AZ xəbər verir ki, bu razılıq Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında iclasında əldə olunub.

Razılığa görə, bu zaman kvotalar OPEC üzrə gündəlik 4,868 mln, qeyri-OPEC üzrə isə 3,132 mln barrel müəyyənləşdirilib.

Azərbaycan bu dövrdə gündəlik istehsalını 131 min barrel azaltmaqla 587 min barrel səviyyəsində saxlamalı olacaq.

Əməkdaşlıq Bəyannaməsində 2021-ci ilin yanvar ayından 2022-ci ilin aprelinədək isə “OPEC plus” üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 14% olmaqla 6 mln. barrel azaldılması öz əksini tapıb. Bu müddətdə hasilat öhdəlikləri OPEC üçün 3,651 mln barrel, qeyri-OPEC üzrə 2,349 mln barrel nəzərdə tutulub. Azərbaycan isə həmin dövrdə 98 min barrel azalma ilə hasilatı 620 min barrel həcmində saxlamaq öhdəliyini götürməli olacaq.  Videokonfransa “OPEC plus” ölkələri ilə yanaşı ilk dəfə olaraq Kanada, Norveç, Argentina, Braziliya, Kolumbiya, İndoneziya, Misir, Çad, Trinidad və Tobaqo kimi ölkələr də  qatılıb. İclasda “OPEC plus” formatından kənar neft ölkələrinə də bu prosesə qoşulmaq çağırışı edilib.

Müəllif: Elmir Murad