Azərbaycana Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə qoşulmaq haqqında təkliflər gəlir

11:28 - 11.01.2018


11 yanvar, Fineko/abc.az. Azərbaycan, Bakı-Tbilisi-Qars beynəlxalq dəmir yolu layihəsinə ölkələrin cəlb edilməsi üzrə işə başlayıb.

Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclası əsnasında bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəinki ölkəmiz üçün, bölgə üçün, dünya üçün önəmli hadisə olmuşdur.

“Bu  layihənin icrası Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirəcək və artıq çevirir. Yol açılandan sonra qısa müddət ərzində - cəmi iki ay ərzində bir çox ölkələrdən Bakı-Tbilisi-Qarsa qoşulmaq haqqında bizə müraciətlər olmuşdur. Artıq bir neçə həmkarımla bu məsələni mən şəxsən müzakirə etmişəm. İndi müvafiq göstərişlər verilmişdir ki, bir çox ölkələrlə işçi qrupları yaradılsın və bu xəttə qoşulmaq istəyənlərin yük potensialı təhlil edilsin”, - bunu dövlət başçısı bildirib.

Prezidentin sözlərinə əsasən, Azərbaycan bütün tərəfdaşlarla bu layihə çərçivəsində uğurlu əməkdaşlıq etməyə hazırdır.

“Şimal-Cənub nəqliyyat dəhlizinin icrası istiqamətində önəmli addımlar atılmışdır. Azərbaycan öz üzərinə düşən vəzifələri icra edib, İran sərhədinə qədər dəmir yolunun tikintisini təmin edib, eyni zamanda, dəmir yolu körpüsünü də inşa edib. Beləliklə, Azərbaycan öz ərazisində bu layihə üzrə bütün lazımi tədbirləri görüb və layihənin ümumi icrası ilə bağlı da öz töhfəsini verməyə hazırdır”, - İ.Əliyev belə deyib.

 

 

Bütün xəbərlər