Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə həyata keçirilən yük daşımalarının həcmi il ərzində üçdə birə qədər artıb

12:39 - 15.01.2018


15 yanvar, Fineko/abc.az. 2017-ci ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsi ilə daşınan yüklərin həcmi 4.4 milyon ton təşkil edib.

Ticarət limanın məlumatında deyildiyi kimi, il ərzində yük daşımalarının həcmi (neft terminalı xaric) 31% artıb, yük mübadiləsinin 85,7%-i tranzit yük daşımaların payına düşüb.

“2017-ci ildə əhəmiyyətli artım dəmiryolu və sərnişin daşınmasında qeydə alınıb. Belə ki, vaqon aşırılması 26,4% artaraq 46 679 ədədə çatıb. Vaqonların 19 493 (41.8%) Bakı-Türkmənbaşı-Bakı istiqamətində, 6 124 vaqon (13.1%) Bakı-Aktau-Bakı istiqamətində,    21 062 vaqon (45.1%) isə 2017-ci ilin mart ayında istifadəyə verilmiş Kurik Limanı (Bakı-Kurik-Bakı) istiqamətində hərəkət edib. Hər iki istiqamətdə (Türkmənistan və Qazaxıstan) keçən sərnişindaşıma isə 41.4% artaraq 33 129 nəfər təşkil edib”, - məlumatda belə deyilir.

Məlumatda qeyd edilir ki, Bakı Limanının xidmətlərindən istifadə edən nəqliyyat vasitələrinin sayı 21.4% artaraq 28 584 ədəd təşkil etmişdir. Konteyner aşırılmasına gəldikdə isə 2017-ci ildə bu say 20 futluq konteyner (TEU) ekvivalentində 15 337 ədəd təşkil edib.

Məlumatda deyilir: “Əsas yük terminalında aşırılan bütün yüklərin həcmi 2017-ci ildə keçən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% artaraq 607.7 min ton olub. Bu yüklərin böyük hissəsi tranzit konteynerlərin və digər quru yüklərin  payına düşüb”.

 

Bütün xəbərlər