Bu boru kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

12:01 - 4.06.2020


4 iyun, Fineko/abc.az. Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu BP Eksploreyşn (Şahdəniz) Limited şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR Midstream Operations MMC-yə keçib.

ABC.AZ xəbər verir ki, bunu Cənubi Qafqaz Boru Kəməri Şirkəti (CQBKŞ) elan edib.

Belə ki, proses 20 mart 2020-ci il tarixindən həyata keçirilib.

Texniki operatorluğun SOCAR-a keçməsi, Şahdəniz-2 və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihələrinə dair yekun investisiya qərarı çərçivəsində 2013-cü ilin dekabrında imzalanmış “Düzəliş Edilmiş və Yenilənmiş Boru Xətti Sahiblərinin Müqaviləsinə” uyğun olaraq həyata keçirilib. Müqavilədə CQBKG-nin tikintisinin başa çatmasının birinci ildönümündə SOCAR-ın CQBK-nın texniki operatoru olması nəzərdə tutulub. Texniki operatorluğun ötürülməsi Azərbaycanda və Gürcüstanda CQBK-yə aid  bütün obyektlərin əməliyyatlarını əhatə edir. Həm Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə, həm də CQBK-yə aid olan ümumi obyektlərin operatorluğunu isə bp şirkəti ümumi operator qismində davam etdirəcək. Səngəçal terminalının, BTC-nin və Qərb İxrac Boru Kəmərinin (QİBK) operatorluğunda heç bir dəyişiklik yoxdur, bu obyektlərin operatorluğunu bp şirkəti icra etməkdə davam edəcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər