330x110
 

20 Yanvar hadisələrindən 31 il ötür

20.01.2021,10:44


20 yanvar, Fineko/abc.az. Bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

ABC.AZ xəbər verir ki, Qanlı Yanvar hadisələrindən 31 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.