330x110
 

Sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq - İlham Əliyev

26.01.2021,15:42


26 yanvar, Fineko/abc.az. Hətta pandemiya dövründə də bizim qeyri-neft sənayemiz artmışdır, özü də böyük dərəcədə.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı fikirlərinə belə davam edib: "Ötən il qeyri-neft sənayemiz 12,5 faiz artıb. Nəyə görə? Texnoloji inkişaf, sənayeləşmə, investisiyalar, güzəştli şərtlərlə kreditlərin verilməsi, dövlət-özəl sektor tərəfdaşlığı - bütün bu amillər öz rolunu oynayıb. Texnologiyalar, telekommunikasiya sahələrində artıq bir çox yerli şirkətlər yaranıb və həm Azərbaycanda, həm də xaricdə fəaliyyət göstərir. Biz onlara da dəstək verməliyik. Onların xaricdəki fəaliyyətlərini dəstəkləməliyik və burada da dövlət-özəl sektor tərəfdaşlığı bir nümunə olmalıdır. Bu sahə hər bir ölkə üçün, deyə bilərəm ki, hər bir ölkənin gələcəyi üçün həlledici sahədir. Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq, kim geridə qalıbsa, asılı vəziyyətdə qalacaqdır. İndi sirr deyil, elə peşələr var ki, 5 ildən sonra bu peşələr sıradan çıxacaq, yəni olmayacaq. Yeni peşələr meydana çıxacaq və biz hazır olmalıyıq ki, bu peşələrə yiyələnək".