Neft Fondunun gəlirliliyi 9 ayda bu qədər olub - Hesabat

06.12.2021,10:09


6 dekabr, Fineko/abc.az. 2021-ci ilin 9 ayı üzrə ARDNF-nin investisiya portfelinin gəlirliliyi 3,1% təşkil edib. Bu nəticə də ötən ilin göstəricisi ilə müqayisədə 0,19% artıq olub.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2022-ci il büdcəsinin layihəsinə rəyində bildirilir.

Rəydə qeyd edilib ki, 2021-ci ilin 9 ayı üzrə Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 1 milyard 333,1 milyon ABŞ dolları və ya 2 milyard 266,3 milyon manat məbləğində gəlir əldə edib.

Fondun 2021-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin minimum 50 faizi borc öhdəlikləri və pul bazarları alətlərindən, 25 faizə qədəri səhmlərdən (pay), 10 faizə qədəri daşınmaz əmlakdan və 15 faizə qədəri isə qızıl alt portfellərindən ibarət olub.