Rəsmi Bakı və Yerevan bu məsələdə razılığa gəlib

29.06.2022,15:05


29 iyun, Fineko/abc.az. Azərbaycan və Ermənistan Zəngəzur dəhlizindən keçəcək avtomobil yolu ilə bağlı razılıq əldə edib, təkcə yolun 6 kilometrlik hissəsini razılaşdırmaq qalır.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiyanın “İzvestiya” qəzetinə yüksək vəzifəli mənbə məlumat verib.

Mənbə razılıqla bağlı bunları deyib: “Azərbaycan və Ermənistan Naxçıvana gedəcək dəmir yolu ilə bağlı çoxdan, hələ ötən ilin payızında razılıq əldə edib. Avtomobil yolu ilə bağlı isə İrəvan uzunmüddətli fasilə götürmüşdü. Amma iyunun 3-də baş nazir müavinlərinin sonuncu görüşündə yolun 6 kilometrlik hissəsini çıxmaq şərti ilə gələcək marşrut razılaşdırılıb. Həmin 6 kilometrlik hissədə dağlar var və Rusiyanın “Avtodor” şirkəti həmin əraziyə ekspertlər göndərir ki, onlar sadə mühəndis həlli yollarını təklif etsin”.

Mənbə bildirib ki, avtomobil yolu Ermənistan ərazisində Araz çayı boyunca keçəcək, qalan hissədə isə 1992-ci ilə qədər Naxçıvanı Zəngilan rayonu ilə birləşdirən sovet dövründən qalan yollardan istifadə olunacaq.