Yeni ildən bütün pensiyalar artacaq - Təfərrüat

28.09.2022,10:50


28 sentyabr, Fineko/abc.az. Yeni ildən Azərbaycanda bütün növ pensiyalarda artımlar olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, qulluq stajına görə əlavə alan əmək pensiyaçılarının (dövlət qulluqçuları, hərbi və xüsusi rütbəli şəxslər və s.) pensiyalarının indeksləşdirilməklə artırılması mexanizminə dair təkliflər Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Nazirliyin hazırladığı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinə əsasən 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.

Bu ildən xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10%, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarının tərkibinə daxil edildikdən sonra yekun pensiya məbləğləri orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdiriləcək.

Misal üçün, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan pensiyaçının pensiya məbləği yeni ildən 416,7 manat (400+200/12) qəbul edilərək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Həmçinin xüsusi şərtlərlə pensiya alan hərbi qulluqçunun cari il ərzində aldığı, misal üçün, 800 manat pensiya və 10%-lik maddi yardım toplanaraq, 880 manat kimi qəbul ediləcək, üzərinə indeksasiya faizi qədər artım hesablanacaq.

Müəllif: Elmir Murad