Prezident məmurları sərt tənqid etdi – get otur yerində

10:31 - 2.02.2021


2 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi fevralın 1-də Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

ABC.AZ-ın məlumatına görə, müsahibə zamanı dövlət başçısı bəzi yüksək çinli məmurları sərt tənqid edib.

Dövlət başçısı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, AZAL-ın prezidenti Cahangir Əsgərov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovla bağlı tənqidi fikirlərini bildirib. Prezident deyib:

"Şuşa şəhəri mənim tərəfimdən ölkəmizin mədəniyyət paytaxtı elan edilib. Bunu hər kəs bilir və bu qərar yüksək qiymətləndirilib. Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var? Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?"

 

Bütün xəbərlər