Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

22.06.2018,14:29


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub.

Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak ediblər. M.Kərimli vurğulayıb ki, əhalinin məşğulluğunun təminatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir və dövlət məşğulluq orqanları tərəfindən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir. Nazir müavini “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin 5 ayında da dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil edib.

Özünüməşğulluq proqramı çərçivəsində məcburi köçkünlərin məşğulluğuna dəstək verildiyini qeyd edən M.Kərimli diqqətə çatdırıb ki, ötən il həmin proqram vasitəsilə 206 məcburi köçkün ailəsi kiçik ailə təsərrüfatlarını yaradıb. Cari ildə də 1100-ə yaxın məcburi köçkün ailəsinin özünüməşğulluq proqramında iştirakı proqnozlaşdırılır, artıq onlardan bir hissəsi bunun üçün kiçik biznesin təşkili üzrə təlim kurslarına cəlb olunub.

Nazir müavini təşkil olunan bu əmək yarmarkasının Müşfiqabad qəsəbəsində yaşayan məcburi köçkünlərin əmək bazarına çıxış və məşğulluq imkanlarının artırılmasına yönəldiyini bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini F.Hüseynov ötən dövrdə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, həmin insanların  məşğulluğunun təmin edilməsi üçün Komitə tərəfindən aidiyyəti tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə keçirilən bu əmək yarmarkasının əhəmiyyətini qeyd edib, gələcəkdə də belə tədbirlərin təşkili üçün müvafiq işlərin aparılacağını diqqətə çatdırıb.

Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələrinin iştirak etdiyi yarmarkada işsiz və işaxtaran şəxslərə peşə bacarıqlarına uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı və əlavə təhsil kurslarına, ayrı-ayrı şəxslər isə haqqı ödənilən ictimai işlərə göndərilmələri üçün qeydiyyata alınıblar.