Enerji sistemindəki kəsintilər Azərbaycanda neft və qaz hasilatının azalmasına gətirib çıxardı

10:17 - 5.07.2018


5 iyul, Fineko/abc.az. Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, ölkənin enerji sistemindəki vəziyyətə həsr olunmuş müşavirədə çıxış etmişdir.

Toplantı gedişatında Yaqub Eyyubov bildirdi ki, baş vermiş qəza ilə əlaqədar neft emalı zavodunda bütün qurğular dayanmışdır.

“Hazırda katalitik krekinq qurğusundan başqa digər emal qurğuları iş rejimlərində çalışır. Katalitik krekinq qurğusunun regenerator blokunda yaranmış problem isə qurğunun soyudulması və daxili hissənin yoxlanılmasından sonra dəqiq müəyyənləşdiriləcəkdir. İlkin ehtimala görə, görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir”, - bunu Yaqub Eyyubov deyib.

Onun sözlərinə görə, qəza səbəbindən neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilmişdir. Neft Şirkətinin bütün müəssisələrində istehsalat sahələrinin normal iş rejiminə çıxarılması prosesi həyata keçirilir.

 

Bütün xəbərlər