Senator Con Makkeyn vəfat edib

26.08.2018,06:39


August 25, Fineko/abc.az. Avqustun 25-də ABŞ Senatının ən nüfuzlu üzvlərindən biri, son bir ildə beyin xərçəngi ilə mübarizə aparan Con Makkeyn vəfat edib.

Senator Makkeyn avqustun 24-də apardığı müalicəsini dayandırmağa qərar vermişdi. Con Makkeyn uzun illər ABŞ Konqresində Arizona ştatını təmsil edib. O, Vaşinqtonda Respublikaçılar Partiyasının ən nüfuzlu nümayəndələrindən biri idi.

Senator Makkeyn Vyetnamda döyüşüb, onun təyyarəsi vurulandan sonra beş ildən çox əsirlikdə qalıb. Kapitoliya təpəsində xidmət etdiyi 35 il ərzində altı dəfə Senata seçilib. 2000-ci ildə Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri olub, lakin ilkin seçkilərdə qubernator Corc Buşa uduzub və Buş ABŞ Prezidenti seçilib. 2008-ci ildə Makkeyn Respublikaçılar Partiyasından prezidentliyə əsas namizəd olub, lakin demokrat Barak Obamaya uduzub. Son üç ildə Makkeyn Donald Trampın ən qatı tənqidçilərindən biri olub.