Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilib

01.09.2018,10:00


1 sentyabr, Fineko/abc.az. Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”nda nəzərdə tutulmuş məsələlərə dair aidiyyatı qurumların iştirakı ilə iclas  keçirilib.  

İclasın gündəliyinə iki məsələ daxil idi: “Əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsi və  iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması ilə bağlı təkliflərin müzakirəsi”;

“Regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyası üzrə təkliflərin müzakirəsi.”

Azərbaycanda son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf modelinin formalaşmasına diqqəti yönəldən Baş nazir Novruz Məmmədov  bu istiqamətdə böyük işlər görüldüyünü vurğuladı.  Həyata keçirilən uğurlu siyasət nəticəsində ölkəmizdə dinamik quruculuq işlərinin getdiyini, makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah halının yaxşılaşmasında, o cümlədən, sosial sferada, sənayedə, aqrar sektorda, infrastrukturun təkmilləşdirilməsində, özəl sahədə ciddi irəliləyişlərin olduğunu deyən Baş nazir Novruz Məmmədov qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı inkişaf strategiyası Azərbaycanın iqtisadi qüdrətinin artıtılmasında mühüm əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi, sosial tələbatlarının ödənilməsi və layiqli həyat səviyyələrinin təmin edilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son illər ərzində əmək münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi, qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və məqsədyönlü tədbirlər  həyata keçirilmişdir. 

Gündəlikdə duran məsələlərə dair Azərbaycan Respublikasının əmək və əhalinin  sosial müdafiəsi naziri Sahil Babayevin məruzəsi dinlənildi.

Məruzələr dinlənildikdən sonra hər iki mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı. Əhalinin real gəlirlərinin artırılması məqsədilə əmək ödənişləri sisteminin təkmilləşdirilməsı və iqtisadi risklərin qarşılanması əsasında dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması ilə bağlı müzakirələr oldu.

Həmçinin regionlarda aktiv əmək bazarı tədbirlərinin genişləndirilməsi və əhalinin əmək bazarına çevik inteqrasiyasına dair təkliflər nəzərə alınmaqla, əmək bazarının mövcud vəziyyətinin regionlar üzrə təhlil edilməsi, hər bir region üzrə əmək resurslarının balansının tərtib edilməsi, ərazi məşğulluq proqramlarının hazırlanması, regionlarda məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitələrinin fəaliyyətinin genişləndirilməsi və əlaqələndirilməsi, səyyar əmək yarmarkalarının təşkil edilməsi qərara alındı.

İclasa yekun vuran Baş nazir Novruz Məmmədov ölkə əhalisinin rifah halının yaxşılaşdırılması üçün sosial sahənin prioritet mahiyyətini nəzərə çatdıraraq, sosial yönümlü məsələlərin həlli  zamanı qarşıya çıxan problemlərin vaxtında aradan qaldırılması və iclasda müzakirə olunan məsələlərin icrası ilə bağlı Nazirlər Kabinetinin aidiyyatı qurumlarına müvafiq tapşırıqlar verdi.

Açar sözlər: Novruz Məmmədov