Bakı–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi davam etdirilir

07.09.2018,14:30


7 sentyabr, Fineko/abc.az. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə və keyfiyyətlə tikinti işləri davam etdirilir.

M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 km uzunluğunda olan yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. 4 hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3.75m, ayırıcı zolağın eni 5 m olmaqla yol yatağının eni 27.5 metr təşkil edəcək. Ümumilikdə layihəboyu tikinti işləri layihələndirmə ilə paralel aparılır.

Layihə 4 lotdan ibarətdir. 1-ci lot yeni yolun 0-29.9, 2-ci lot 29.9-53.5, 3-cü lot 53.5-73.5, 4-cü lot isə 73.5-92-ci km-lik hissələri əhatə edir.

Hal-hazırda tikinti işləri 1-ci lot üzrə həyata keçirilir.

Tikinti işlərini həyata keçirmək məqsədilə “LOT 1: Km 0+000-Km 29+900” üç hissəyə bölünür:

  • Hissə 1: Km 0+000 - Km 6+950 (mövcud beton yol)
  • Hissə 2: Km 6+950 - Km 28+609.90
  • Hissə 3: Km 28+609.90 - Km 29+900

Layihə üzrə 1-ci lotun başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52-ci km-lik (7 km) hissəsinə düşür. Həmin hissədə yolun beton örtüyünün sökülərək qaldırılması və yol yatağının yenidən tikilməsi işləri görülür.

Bu məqsədlə artıq 13 min kub.m həcmdə mövcud sement-beton örtüyü sökülərək sahədan kənarlaşdırılıb, 55 min kub.m həcmdə asfalt frezlənib, yola düşən kommunikasiya xətləri kənarlaşdırılıb, mövcud yolun yatağı ərazilərdən asılı olaraq 1-1.6 metr dərinlikdə və 165 min kub.m həcmdə qazılaraq çıxarılıb, əvəzinə 366 min kub.m yararlı material tökülərək lay-lay yayılaraq kipləşdirilib, 31 min kub.m qaya dolğusu işləri aparılıb.

Layihənin 1-ci lotu üzrə 2 ədəd yol qovşağı, 1 ədəd yol ötürücü körpü, 1 ədəd kanal körpüsü, 4 ədəd düzbucaqlı yeraltı avtomobil keçidi, 33 ədəd müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, meliorasiya xətləri ilə kəsişmələrdə müvafiq tədbirlərin görülməsi, müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min paqon-metr beton baryerlərin tikilməsi nəzərdə tutulub.

Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Yeni yolun tikinti layihəsinə uyğun olaraq əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək.

Ümumilikdə layihəboyu yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların tikintisi, işıqlandırma işlərinin görülməsi, ayrıcı zolaqda beton çəpərlərin quraşdırılması, tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədi ilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

Yeni inşa edilən yol 92 km sonra hazırda I texniki dərəcəyə uyğun inşası aparılan və Dəvəçi rayonun Qəndob yaşayış massivindən Rusiya sərhədinədək uzanan 60 km uzunluğa malik yola birləşəcək. Bununla da yeni avtomobil yolunun uzunluğu 152 km təşkil edəcək.

Açar sözlər: nəqliyyat