Azərbaycanın Energetika Nazirliyi və BP alternativ enerji mənbələri sahəsində əməkdaşlığa başlamaq barədə razılığa gəliblər

29.11.2018,16:19


29 noyabr, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzu qəbul edib.

Nazirliyin məlumatında deyilir ki, görüşdə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsində BP ilə əməkdaşlıq imkanları müzakirə edilib.

“Nazir Pərviz Şahbazov BP ilə neft-qaz sahəsində uzunmüddətli və səmərəli əməkdaşlığın alternativ enerji sahəsində də faydalı olacağını deyib. Bərpa olunan enerji sahəsində hədəflərə nail olmaq üçün vaxt itirmədən fəaliyyətə başlamağın zəruridir”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, Qəri Counz isə BP-nin “azkarbonlu gələcək” təşəbbüsünü təşviq edən öhdəliyindən bəhs edərək bərpa olunan enerji sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib. Bu potensialın reallaşdırılması ilə enerji təchizatının təhlükəsizliyinin artacağını, iqtisadiyyatın diversifikasiyasına töhfə veriləcəyini və qaz ehtiyatlarının daha yüksək marja ilə istifadəsinə imkan yaranacağını söyləyib.