Polşanın “STX ONE” şirkəti Azərbaycan məhsulları olan fındıq və nar şirəsi satacaq

07.12.2018,12:43


7 dekabr, Fineko/abc.az. Polşada “Azərbaycan Ticarət Evi” açılıb.

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, Varşavada yerləşən Azərbaycan Ticarət Evi “Made in Azerbaijan” brendi altında məhsullarının ixracının təşviqi və genişləndirilməsinə dəstək göstərəcək.

“Ticarət Evində Azərbaycan şirkətlərinin müxtəlif növ məhsullarının sərgisi təşkil olunub. Daimi fəaliyyət göstərəcək sərgidə 30-a yaxın Azərbaycan şirkətinin istehsal etdiyi  məhsullar, o cümlədən spirtli içkilər, quru meyvələr, nar, fındıq, çay, mürəbbə, meyvə suları, mineral sular, kosmetik məhsullar və s.  nümayiş olunur”, - məlumatda belə deyilir.

“Azərbaycan Ticarət Evi”nin açılışında İqtisadiyyat naziri Şahin Mustafayev, Polşanın rəsmi şəxsləri və iş adamları iştirak ediblər.

Tədbir çərçivəsində “Azərbaycan Ticarət Evi” ilə Polşanın “STX ONE” şirkəti arasında fındıq və nar şirəsi konsentratının satışına dair Anlaşma Memorandumu imzalanıb.