Azərbaycanın gömrük orqanları ölkəyə qanunsuz yolla gətirilən 73,8 min siqaret müsadirə etdi

15:39 - 15.05.2019


15 may, Fineko/abc.az. Azərbaycanın gömrük orqanları ölkəyə qanunsuz yolla gətirilən külli miqdarda tütün məmulatı və spirtli içkinin realizə edilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir ki, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları 73.800 ədəd müxtəlif markalı siqaret və hər biri 1 litr həcmində cəmi 30 ədəd müxtəlif adda spirtli içkilər aşkar ediblər.

“DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla mübarizə şöbəsinə "Daewoo" markalı sərnişin avtobusu ilə üzərində aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu barədə məlumat daxil olub. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış keçirərkən, avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada üzərində aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu müəyyən edilib. Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu bildirib”, - DGK-in məlumatında belə deyilir.

Əməliyyatın davamı nəticəsində, həmin yükün çatacağı şəxs saxlanılmışdır.

 

Bütün xəbərlər