Gürcüstandan MDB ölkələrinə 1 mlrd. dollardan çox mal ixrac olunub

19.08.2019,15:23


19 avqust, Fineko/abc.az. Gürcüstan Milli Statistika Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyul aylarında Avropa İttifaqı ölkələrinə 503,5 milyon dollar dəyərində və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20,6 % çox mal ixrac edib.

Qeyd olunur ki, hesabat dövründə Gürcüstandan MDB ölkələrinə 1 milyard 105,8 milyon dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,6 % çoxdur və Gürcüstanın ümumi xarici ixracatının 52,6 %-ni təşkil edib.

Məlumatda bildirilir ki, cari ilin yeddi ayında Gürcüstandan Rusiyaya - 303 milyon dollar dəyərində mal ixrac edilib. Rusiya bu göstərici ilə birinci yerdədir. Gürcüstanın mal ixrac etdiyi ölkələr sırasında ikinci yerdə Azərbaycandır. Sonrakı yerlərdə ilk beşlikdə Ermənistan, Bolqarıstan və Ukrayna yer alıb.

Mal idxalında isə azalma müşahidə olunub. Hesabat dövründə Gürcüstan MDB ölkələrindən 1 milyard 303,1 milyon dollar dəyərində mal idxal edib. Bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 14,3 % azdır. Gürcüstan həmin dövrdə Avropa İttifaqı ölkələrindən 1 milyard 280,2 milyon dollar və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % az mal idxal edib. Gürcüstanın ən çox mal idxal etdiyi ölkələr sırasında Türkiyə, Çin, Rusiya, Azərbaycan və Almaniya ilk beşlikdə qərarlaşıblar.