Azərenerji qonşu dövlətlərə elektrik enerjisinin ixracını artırıb

15:09 - 3.09.2019


3 sentyabr, Fineko/abc.az. “Azərenerji” ASC-nin məlumatına görə, ötən ay 2,14 milyard kilovatsaat elektrik enerjisi istehsal edilib, bu da 2018-ci ilin avqust ayı ilə müqayisədə 200 milyon kilovatsaat və ya 10,5 % çoxdur.

Bildirilir ki, ötən ilin avqustu ilə müqayisədə qonşu dövlətlərə elektrik enerjisinin ixracı da dəfələrlə artıb.

“Reabilitasiya Proqramı” çərçivəsində elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə, xüsusi ilə Gürcüstana müqavilə əsasında daha çox elektrik enerjisi ixrac edilməsinə şərait yaradıb.

Belə ki, 2018-ci ilin avqustunda qonşu dövlətlərə 72,2 milyon kilovatsaat elektrik enerjisi ixrac edildiyi halda, bu ilin avqust ayında 166,3 milyon kilovatsaat elektrik enerjisi ixrac edilib. Bu da 94,1 milyon kilovatsaat və ya 2 dəfədən çox artım deməkdir.

Qeyd olunub ki, ixrac edilən 166,3 milyon kilovatsaat elektrik enerjisinin 158,8 milyon kilovatsaatı Gürcüstana ötürülüb.

 

Bütün xəbərlər