İlin sonunadək 50 milyon manat həcmində ipoteka kreditləri veriləcək - ÖZƏL

11:35 - 21.10.2019


21 oktyabr, Fineko/abc.az. Bir müddət əvvəl mətbuatda Azərbaycanda ipoteka kreditlərinin ötən illərlə müqayisədə xeyli azaldığı açıqlandı.

İddialarda qeyd olunurdu ki, ötən ilin 8 ayı ilə müqayisədə bu il daha az ipoteka krediti ayrılıb. Həmçinin ipotekanın verilməsində bəzi gecikmələrin olduğuna da diqqət çəkilib. Bəs görəsən azalma nə ilə əlaqədardır, maliyyə problemi varmı?

Bu sualla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət etdik. Fonddan ABC.AZ-ın sorğusuna cavablarında bildirdilər ki, ümumilikdə 2018-ci ildə əvvəlki illərlə müqayisədə rekord səviyyədə ipoteka krediti verilib.

 “2018-ci ilin yanvar-sentyabr aylarında adi ipoteka kreditləri üzrə bu göstərici 134 mln. manat, güzəştli ipoteka kreditləri üzrə isə 49 mln. manat təşkil edib. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində isə 64 mln. manat adi, 55 mln. manat güzəştli ipoteka kreditləri verilib” deyə Fonddan vurğulayıb və qarşıdakı planları da açıqlayıblar: “İlin sonunadək daha 50 mln. manat həcmində ipoteka kreditlərinin verilməsi proqnozlaşdırılır. Eyni zamanda, qeyd etmək istəyirik ki, əhalinin yaşayış sahəsi ilə təminatı mexanizmlərinin təkmilləşdirilməsi davamlı şəkildə dövlətin diqqət mərkəzində olub. Belə ki, ilkin ödəniş üçün şəxsi vəsaiti yetərli olmayan və aşağı gəlirli vətəndaşların ipoteka kreditlərindən istifadə imkanlarının məhdud olması səbəbindən, qeyd olunan şəxslərin yaşayış sahələrinə tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 yanvar tarixli 488 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib. Təsdiq edilmiş Qaydaya əsasən Fond tərəfindən cari ilin sonunadək yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi ilə bağlı müvafiq mexanizmin işə salınması nəzərdə tutulur. Qeyd olunan mexanizm tətbiq olunduqdan sonra nəticə olaraq 2019-cu il ərzində Fond tərəfindən əhalinin mənzil təminatına yönəldilmiş vəsaitlərin həcmində 2018-ci illə müqayisədə artım olması proqnozlaşdırılır”.

Müəlif: Elmir Murad

 

Bütün xəbərlər