Yaxın zamanlarda Bakıya qəsəbələr üçün 50-yə yaxın yeni avtobus gətiriləcək

17:12 - 18.02.2020


18 fevral, Fineko/abc.az. “Son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir”. 

ABC.AZ xəbər verir ki,  bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli prezident İlham Əliyevlə görüşdə dövlət başçısının “qəsəbələrdə avtobus nəqliyyatı ilə bağlı hər hansı bir problem varmı?” sualına cavab verərkən deyib.

Agentlik sədri qeyd edib ki, bu il alınacaq 415 avtobusdan 115-i artıq sifariş edilib, 300-ü isə tenderə çıxarılacaq: “Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun. Eyni zamanda, mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur. Qəsəbələrin yol infrastrukturuna dair layihələri biz Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə hazırlayırıq. Bu istiqamətdə də işlər yekunlaşacaq”

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər