Artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər – İlham Əliyev

10:46 - 13.01.2022


13 yanvar, Fineko/abc.az. Dünyada taxılın, buğdanın qiyməti kəskin artıb. Bizim əsas təchizatçı Rusiya tərəfidir. Ona görə ki, ən ucuz buğdanı biz Rusiyadan alırıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, orada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir.

"Təbii ki, biz çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlaya bilməzdik. Bunu nəzərə alaraq və eyni zamanda, dövlət orqanlarının tənzimləyici rolunu gücləndiririk ki, burada süni qiymət artımı olmasın, möhtəkirlik olmasın. Eyni zamanda, çox geniş sosial paket də həyata keçirildi.

Bildiyiniz kimi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırılıb. Bütövlükdə bu, bizə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Biz hesab edirik ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır", - deyə İ.Əliyev bildirib.

 

Bütün xəbərlər