IEA Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün plan hazırlayıb

17:30 - 3.03.2022


3 mart, Fineko/abc.az.  Rusiya qazından asılılığın azaldılması Avropa İttifaqı (Aİ) üçün asan olmayacaq.

ABC.AZ Apa.az-a istinadən xəbər verir ki, bu barədə  Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd olunub.

"Rusiya qazından asılılığı azaltmaq asan olmayacaq, bunun üçün enerji bazarları və təhlükəsizlik üzrə güclü beynəlxalq dialoqla yanaşı, bir çox sektor üzrə razılaşdırılmış və davamlı siyasi səylər tələb olunacaq", - hesabatda deyilir.

Hesabata əsasən, Agentlik Avropanın Rusiya qazından asılılığının azaldılması üçün 10 bənddən ibarət olan plan hazırlayıb, hansı ki, əsasən bərpa olunan enerji mənbələrinin genişləndirilməsini və müqavilələrdən imtina edilməsini nəzərdə tutur.

Sözügedən planın ilk iki bəndi qaz tədarükü üzrə Rusiya ilə yeni müqavilələrin bağlanmasından imtina etməyi və onları Rusiyaya alternativ qaz mənbələri ilə əvəz etməyi təklif edir.

Agentlik hesab edir ki, qaz təchizatı, elektrik enerjisi sistemi və son istifadə sektorlarını əhatə edən planın həyata keçirilməsi bir il ərzində Aİ-nin Rusiya qazına tələbatının 50 mlrd. kubmetr (Rusiya qazına olan illik tələbatın üçdə bir hissəsi – red.) azalda bilər. Lakin Aİ sıfır tullantı ilə bağlı yol xəritəsi çərçivəsində tullantıların azaldılması tempinin yavaşlaması ilə nəticələnəcək əlavə addımları həyata keçirsə, Rusiya qazına olan tələbat qısamüddətli perspektivdə 80 mlrd. kubmetrdən çox (iki dəfədən çox) azala bilər.

Bildirilir ki, Avropa 2021-ci ildə, mayeləşdirilmiş təbii qaz (LNG) daxil olmaqla, Rusiyadan təxminən 155 mlrd. kubmetr qaz idxal edib. Qeyd olunan həcmin 140 mlrd. kubmetrə yaxını boru kəmərləri ilə tədarük edilən qazın payına düşüb.

Bütün xəbərlər