Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar başlayacaq

17:00 - 14.03.2022


14 mart, Fineko/abc.az. AZAL prezidenti Cahangir Əsgərov Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi və Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankov ilə işgüzar görüş keçirib.

AZAL-dan ABC.AZ-a verilən məlumatda bildirilir ki, Pakistanın səfiri ilə görüşdə Azərbaycan ilə Pakistan arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin sərnişin axınının artırılması üzrə perspektiv planlar müzakirə edilib.

Tərəflər qeyd ediblər ki, həyata keçirilən əksepidemik tədbirlər COVID-19 ilə bağlı hazırkı vəziyyətin yaxşılaşdırılmasına nail olmağa imkan yaradıb. Görüş zamanı ölkələr arasında hava əlaqəsinin bərpasının vacibliyi vurğulanıb.

“Pakistan International Airlines” aviaşirkəti bu həftə Pakistanın iki şəhərindən – Kəraçi və Lahor şəhərlərindən Bakıya uçuşlar yerinə yetirməyə başlayacaq.

Azərbaycanın milli aviadaşıyıcısı həmçinin Bakıdan Lahora uçuşlara başlamağı planlaşdırır.

Bütün xəbərlər