Bakcell universitet məzunları və tələbələr üçün yay təcrübə proqramı elan edir

16.05.2018,12:05


Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell böyük məmnuniyyətlə III və IV kurs bakalavr tələbələri, magistrlər və yeni məzunları şirkətin “2018 Yay Təcrübə Proqramı”nda iştirak etməyə dəvət edir.

Tələbə və məzunlar üçün nəzərdə tutulmuş 2 aylıq proqramın əsas məqsədi karyerasında ilk addımlarını atmağa başlayan gəncləri Azərbaycanın ən nüfuzlu və innovativ şirkətlərindən birində iş mühiti ilə tanış etmək, praktiki biliklərlə təmin etmək və onların işə hazırlıq bacarıqlarını inkişaf etdirməkdir.

Seçimdən uğurla keçən namizədlər “Bakcell”in satış və marketinq şöbələrində 2 ay müddətində təcrübə keçmək imkanına malik olacaqlar. Təcrübə müddətində gənclər şirkətin aparıcı mütəxəssisləri arasından seçilmiş təcrübə rəhbərləri vasitəsilə müvafiq bilik və bacarıqlara yiyələnərək şirkətin ümumi strukturunu və iş prinsiplərini öyrənəcək, eyni zamanda  karyera planlaşdırılması, biznes etikasi, vaxtın səmərəli bölgüsü, effektiv kommunikasiya, özünü kəşfetmə, əməyin təhlükəsizliyi və ətraf mühit, sağlamlıq və digər mövzularda praktiki biliklər əldə edəcəklər. Təcrübə proqramı başa çatdıqda bütün iştirakçılar qiymətləniriləcək və layihədə iştirak etdiklərini təsdiq edən sənədlə təltif olunacaqlar.

Bakcell şirkətinin “2018 Yay Təcrübə Proqramı” barədə daha ətraflı məlumatı www.bakcell.com səhifəsində əldə etmək olar. Proqramda iştirak etmək üçün müraciətlər (CV) 31 may 2018-ci il tarixinə qədər [email protected]  ünvanı vasitəsilə qəbul olunacaq.

Qeyd edək ki, 2014-cü ildən etibarən Bakcell şirkətinin təcrübə proqramlarında 100 nəfərdən çox gənc iştirak edib. Proqramda iştirak zamanı yüksək nəticələr nümayiş etdirən tələbə və məzunlar Bakcell şirkəti və digər nüfuzlu şirkətlər tərəfindən işlə təmin edilib. Digər iştirakçılar isə yerli və xarici universitetlərdə təhsillərini davam etdirirlər.

Azərbaycanın ən prestijli işəgötürənlərdən biri olan Bakcell şirkəti, bütün işçilər və namizədlər üçün eyni şərait yaradır.  Şirkət işə qəbul və seçim prosesində şəffaflıq prinsiplərinə riayət edir.

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

6500-dən artıq baza stansiyası ilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Ölkədə ən yaxşı mobil internet xidməti kimi öz təsdiqini tapmış 3G xidmətindən sonra, 5 may 2015-ci il tarixində Bakcell özünün 4G LTE xidmətinin kommersiya istifadəsinə verilməsini elan edib. Mobil internet sürətinin əhəmiyyətli dərəcədə artmasını təmin edən 4G xüsusilə mobil olmaq və bütün məkanlarda internetə yüksək sürətli çıxış imkanı əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub. Hazırda Bakı və Abşeron sakinləri ilə yanaşı, Gəncə şəhəri, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarının əhalisi də Şirkətin təqdim etdiyi yüksək sürətli 4G internetindən istifadə edə bilirlər. 2018-ci ildə Bakcell özünün LTE şəbəkəsini ölkənin digər regionlarına doğru genişləndirir.  Bakcell şirkəti Bakı metrosunda 4G xidməti təmin edən ilk mobil operatordur.

Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə, ən yaxşı) adına layiq görülüb. 2017-ci ilin avqust ayında aparılan testlərin nəticələrinə əsasən, Bakcell Azərbaycanda ümumi şəbəkə təcrübəsinə görə ən yüksək göstəriciyə, Bakı və ölkənin digər böyük şəhərlərində isə sınaq nəticələrinə görə ən yaxşı mobil internet şəbəkəsinə malikdir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

Açar sözlər: Bakcell