AZAL-ın top-menecerləri CEO Lunch Baku-nun fəxri qonağı olublar

17:09 - 27.11.2018


27 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev Caspian European Club-un 2018-ci il noyabrın 27-də “Hyatt Regency Baku”da təşkil etdiyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak ediblər.

Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov, “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski, Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Fəxriyə Xələfova və Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov da CEO Lunch Baku-da fəxri qonaq olublar.

Tədbirin əvvəlində AMKM-nin prezidenti Tahir Əmiraslanov və “Barattson” şirkətinin icraçı direktoru Elşən Rəhimov təqdimatla çıxış ediblər. Sonra “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyevin çıxışı, Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənovun və “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadənin təqdimatı, həmçinin əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın çıxışı baş tutub.

Tədbir Caspian European Club-un “Azərbaycan Hava Yolları” QSC ilə əməkdaşlığın genişləndiriməsində maraqlı olan üzv şirkətlərinin çoxsaylı müraciətləri nəticəsində təşkil edilib. CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klubun üzv şirkətlərinin rəhbərlərinin özəl sektor ilə “Azərbaycan Hava Yolları” QSC arasında əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə təklif və təşəbbüsləri müzakirə olunub. CEO Lunch Baku-nun iştirakçıları həmçinin onları maraqlandıran suallara cavab tapmaq imkanı əldə ediblər.

Biznes-forumda Eldar Hacıyev, Teymur Həsənov, Cəmil Mənizadə, Fəxriyyə Xələfova və Tahir Əmiraslanova Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un yeni və hazırkı üzvləri -  North West Construction, Narimanfilm, KPMG, Grant Thornton Azerbaijan, SALAM Tourism &Travel, Benzeine şirkətlərinə də sertifikatlar verilib.

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.

Other news