Ərzaq təhlükəsizliyimiz əsaslı şəkildə yüksəlib - Vüsal Qasımlı

14:58 - 17.03.2020


17 mart,Fineko/abc.az. Nüfuzlu beynəlxalq qurumların hesabatlarına əsasən son illər ərzində Azərbaycanın ərzaq təhlükəsizliyi göstəricisi əsaslı şəkildə yüksəlib.

ABC.AZ-ın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ölkənin ərzaq bazarı sahəsində mövcud vəziyyəti şərh edərkən deyib.

 Onun sözlərinə görə, bu baxımdan “The Economist Group” tərəfindən hazırlanan Qlobal Ərzaq Təhlükəsizliyi İndeksinə (The Global Food Security Index) baxmaq kifayətdir.

V. Qasımlı qeyd edib ki, bu hesabata əsasən son 7 il ərzində Azərbaycanın ümumi ərzaq təhlükəsizliyi indeksində ardıcıl olaraq yüksəlmə müşahidə edilib: "Hesabata görə bu yüksəliş 7 il ərzində 12,7 faiz bəndi təşkil edib, ölkəmiz bu göstərici üzrə siyahıya liderlik edir. Məlumat üçün qeyd edək ki, digər ölkələr üzrə bu göstərici ən yaxşı halda 6-7 faiz olub.  2019-cu ildə Azərbaycan bu hesabatda daha 3 pillə irəliləyərək 53-cü yerdə qərarlaşıb. Hazırda Azərbaycan ərzaq təhlükəsizliyinin təmininə görə Asiya və Sakit okean ölkələri arasında ilk onluqda təmsil olunur. Həmçinin ölkəmiz bu reytinqdə keçmiş SSRİ-yə daxil olan bir çox respublikanı qabaqlayıb". Qeyd edək ki, sözügedən hesabata əsasən son 7 il ərzində qlobal ərzaq təhlükəsizliyi indeksi üzrə Azərbaycanda müşahidə olunan artım dünya üzrə ən yüksək nəticədir. Hətta son 7 ildə hesabatın əhatə olunduğu 113 ölkənin bir hissəsində bu göstərici mənfi olub. Azərbaycan isə ardıcıl olaraq qlobal ərzaq təhlükəsizliyi indeksində mövqeyini yaxşılaşdırıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər