“Ucuzluq” univermağı işçiləri əmək müqaviləsi olmadan işlədirmiş

11:47 - 23.04.2021


23 aprel, Fineko/abc.az. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsindən işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərə cəlb edilməsi ilə bağlı daxil olan məlumat əsasında Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində və Sabunçu rayonunun Ə.Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Ucuzluq” adlı univermaqlarda operativ nəzarət tədbirləri həyata keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, aparılan nəzarət tədbirləri zamanı Məmiyev Elşən Rəfiaddin oğluna məxsus univermaqda 24 nəfər, İsayev Cahid Müzəffər oğluna məxsus obyektdə isə 21 nəfər olmaqla, ümumilikdə 45 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi müəyyən edilib.

Əmək və vergi qanunvericiliyinin şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş İsayev Cahid Müzəffər oğlu və Məmiyev Elşən Rəfiaddin oğluna barəsində tərtib olunmuş materialların hüquqi araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər